
Bayer
Terafleks Xondrokrem
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri E.M. Ağayev
24 iyun 2019-cu il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TERAFLEKS XONDROKREM FORTE xaricə istifadə üçün krem
THERAFLEX® CHONDROCREAM FORTE
Beynəlxalq patentləşdirilməmiş adı: Meloxicam +Chondroitine sulfate
Tərkibi
Təsiredici maddələr: 1 q kremin tərkibində 50 mq xondroitin natrium sulfat, 10 mq meloksikam vardır.
Köməkçi maddələr: dimetilsulfoksid, propilenqlikol, makroqol setostearat, setostearil spirti [setil spirti 60 %-dən çox olmamalı, stearil spirti 40 %-dən az olmamalıdır], maye parafin, vazelin, imido sidik cövhəri, natrium disulfit, təmizlənmiş su.
Təsviri
Yaşımtıl çalarlı açıq - sarı rəngdən yaşılımtıl çalarlı sarı rəngədək dimetilsulfoksid qoxulu kremdir.
Farmakoterapevtik qrupu
Toxuma regenerasiyasının stimulyatoru + qeyri-steroid iltihabəleyhinə preparat.
ATC kodu: M02AХ10.
Farmakoloji xüsusiyyətləri
Terafleks Xondrokrem Forte preparatı kombinəedilmiş təsirə malikdir: osteoartrozun və osteoxondrozun inkişafını ləngidir, ağrıkəsici təsir göstərir, oynaqların (kremin çəkildiyi nahiyədə) hərəkət həcminin artmasına kömək edir, iltihabəleyhinə təsirə malikdir, oynaqların şişkinliyini (ödemini) azaldır.
Kremin komponentlərinin optimal kombinə edilməsi sayəsində onların ağrıkəsici və iltihab əleyhinə effektlərinin qarşılıqlı güclənməsi qeyd olunur.
Xondroitin sulfat – qığırdaq toxumasının təbii komponenti olan yüksək molekullu mukopolisaxariddir. Xondroitin sulfat qığırdaq toxumasında fosfor-kalsium mübadiləsini yaxşılaşdırır, qığırdaq toxumasının zədələnməsinə səbəb olan fermentləri inhibə edir, qığırdaq toxumasının degenerasiya (dağılma) proseslərini ləngidir, qlikozaminoqlikanların sintezini stimullaşdırır, oynaqların qığırdaq səthlərinin regenerasiyasına (bərpasına) kömək edir. Onların reparasiya proseslərini sürətləndirir, birləşdirici toxumanın kollapsına mane olur. Bu, zədələnmiş oynaqların ağrılığının azalmasına və hərəkətliliyinin artmasına səbəb olur.
Meloksikam – qeyri-steroid iltihabəleyhinə vasitədir, iltihabəleyhinə, analgetik təsirə malikdir. Meloksikam siklooksigenaza 2-nin seçici inhibitorudur, araxidon turşusunun metabolizmini pozur, iltihab ocağında prostaqlandinlərin (ağrı və iltihab mediatorları) miqdarını azaldır. Meloksikam xondroneytral preparatdır, qığırdaq toxumasına mənfi təsir göstərmir, proteoqlikanın oynaq qığırdağının xondrositlərləri ilə sintezinə təsir etmir.
İstifadəsinə göstərişlər
Preparatdan dayaq-hərəkət aparatının degenerativ-distrofik xəstəliklərinin: osteoartrozun, onurğa sütununun osteoxondrozunun; əzələ və oynaqların ödem və ağrı sindromu ilə müşayiət olunan digər xəstəliklərinin kompleks terapiyasının tərkibində istifadə etmək tövsiyə olunur.
Əks göstərişlər
- Preparatın komponentlərinə (eləcə də digər qeyri-steroid iltihabəleyhinə vasitələrə) qarşı hiperhəssaslıq
- Təxmini istifadə yerlərində dəri örtüklərinin bütövlüyünün pozulması
- 12 yaşadək uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatı yalnız zədələnməmiş dəriyə çəkmək, açıq yaralara düşməməsinə çalışmaq lazımdır. Preparatın gözə və selikli qişalara düşməsinə yol vermək olmaz.
Terafleks Xondrokrem Forte preparatının digər qeyri-steroid iltihabəleyhinə preparatlarla birgə istifadəsindən əvvəl, eləcə də preparatdan 2 həftədən çox istifadə etmək tələb olunduqda həkimlə məsləhətləşmək lazımdır.
Ehtiyatla
Böyrəklərin və qaraciyərin funksiyası pozulduqda, mədə-bağırsaq traktının açıq patologiyası zamanı (xora xəstəliyinin kəskin fazası), qan sisteminin aşkar patologiyası zamanı, yaşlı insanlar.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri və ya uyuşmazlıq halları təsvir edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatdan istifadə əks göstərişdir.
Nəqliyyatı vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat sedativ təsirə, psixomotor pozğunluqlara səbəb olmur və pasiyentin yüksək diqqət və sürətli psixi və hərəki reaksiyalar tələb edən potensial olaraq təhlükəli fəaliyyət növləri ilə məşğul olma qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Xaricə istifadə olunur. 1-5 sm uzunluğunda krem zolağı ehmalca zədələnmiş nahiyəyə sürtülür, gündə 2-3 dəfə istifadə edilir. Preparatın lazım olan miqdarı ağrı zonasının ölçüsündən asılıdır. Preparatı çəkdikdən sonra əlləri yaxşıca yumaq lazımdır. Müalicənin müddəti göstərişlərdən və qeydə alınan effektdən asılıdır. Preparatdan 2 həftə istifadə etdikdən sonra həkimlə məsləhət-ləşmək lazımdır.
Əlavə təsirləri
Dəridə allergik reaksiyalar mümkündür (qaşınma, qızartı, dəri səpgisi).
Hər hansı əlavə təsirlər yarandıqda kremdən istifadəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Xaricə istifadə zamanı preparatın təsiredici komponentlərinin son dərəcə aşağı sistem absorbsiyası doza həddinin aşılmasını mümkünsüz edir.
Buraxılış forması
Xaricə istifadə üçün krem 1 % +5 %.
10, 20, 25, 30, 50 və ya 100 q krem, alüminium tüblarda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Ərizəçı
Bayer Konsumer Keya AG,
Peter Merian-Ştrasse 84, 4052 Basel, İsveçrə.
İstehsalçı
“NİJFARM” SC, Rusiya
603950, Nijniy Novqorod şəh., Salqanskaya küç., 7.